Başqa ölkələrdən gələn tacir və səyyahların vasitəsilə Bərdə şəhərinin şöhrəti bütün dünyaya yayılmışdı.
Bərdənin sərvətlərindən xəbər tutan slavyan tayfaları 944-cü ildə şəhəri ələ keçirmək qərarına gəldilər. Onların məqsədi burada möhkəmlənmək, torpaqlarımıza sahib olmaq idi. Onlar gəmilərlə Xəzər dənizindən Azərbaycan torpaqlarına yaxınlaşmış, Kür çayı ilə üzərək Bərdəyə qədər gəlib çatmışdılar. Şəhərə qəflətən hücum edən slavyanlar Bərdəni ələ keçirə bildilər. On minlərlə adam qətlə yetirildi. Slavyanlar əhalini soydular, şəhəri talan etdilər. Onlar dinc əhalini əsir alaraq, adambaşına pul tələb etdilər. Ödəyə bilənlər azad edildilər, ödəyə bilməyənlər qılıncdan keçirildilər.
Slavyanlar 6 ay şəhərdə qaldılar. Tezliklə slavyanlar arasında yoluxucu xəstəlik yayılmağa başladı. Azərbaycan qoşunları doğma şəhəri azad etmək üçün Bərdəyə yaxınlaşdılar. Bunu görən slavyanlar əldə etdikləri qəniməti götürüb, qalan əmlakı yandırıb, gecəyarısı qaladan qaçdılar. Bərdə şəhəri bu hadisədən sonra əvvəlki əhəmiyyətini itirdi.