§ 15. “Arranın anası” — Bərdə
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri də Bərdə şəhəridir. Bu şəhər 5-ci yüzillikdən Azərbaycan Albaniya dövlətinin paytaxtı olmuşdur. Karvan yolları üzərində yerləşən Bərdə şəhəri orta əsrlərdə ən inkişaf etmiş şəhərlərdən idi.
Hər bir qədim Azərbaycan şəhəri kimi, Bərdə də qala divarları ilə əhatə olunmuşdu. Qalada qoşun saxlanılırdı. Burada saray, xəzinə, məscid, karvansara, zindan (həbsxana) və digər mühüm dövlət idarələri yerləşirdi. Qalanın qapısı keşikçilər tərəfindən qorunurdu.
Bərdədə qaynar şəhər həyatı vardı. Əhali içərisində əsas yeri sənətkarlar tuturdu. Burada çoxlu sənətkar məhəllələri vardı. Hər bir məhəllənin də öz adı vardı. Məsələn, dulusçular məhəlləsi, toxucular məhəlləsi, zərgərlər məhəlləsi, daşyonanlar məhəlləsi və s.