Şah sarayının divanxanası dövlət əhəmiyyətli yığıncaqların toplandığı, fərmanların, hökmlərin verildiyi yerdir. Hökmdar saray əyanlarını, vəzir və vəkilləri ətrafına toplayar, mühüm məsələlər haqqında onların fikrini dinləyərdi. Əhalidən toplanan vergilər xəzinəyə və anbara toplanardı. Saray kompleksi həm də gözəl bir memarlıq nümunəsidir. Təsadüfi deyil ki, saray kompleksi yanındakı Qız qalası ilə birlikdə UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilmişdir. Adından göründüyü kimi, Şirvanşahlar saray kompleksini Şirvan şahları tikdirmişlər.
Tarixi mənbələrdən məlum olur ki, Xilafət zəiflədikdən sonra Azərbaycanın dövlətçilik ənənələri yenidən dirçəldi. Ölkəmizin ərazisində yeni Azərbaycan dövlətləri yarandı. Bu dövlətlər içərisində 9-cu əsrdə yaranmış Şirvanşahlar dövlətinin xüsusi yeri var idi. Həmin dövrdə yaranan dövlətlər içərisində Şirvanşahlar dövləti ən uzunömürlüsü oldu. Çox keçmədən qədim Azərbaycan şəhəri olan “Dəmir qapı” — Dərbənd Şirvanşahlar dövlətinə birləşdirildi. Dərbənd səddi və şəhərin qala divarları Şirvan şahları tərəfindən təmir edilib möhkəmləndirildi.