Dastanın qəhrəmanlarından biri olan Bəkil onun igidliyinə şübhə ilə yanaşan Qazan xandan inciyir. “Bayandır xanın hədiyyələrini önünə tökərək küsüb” gedən Bəkil Gürcüstan sərhədlərində özünün idarə etdiyi oğuz torpaqlarına dönür. Fikrini dağıtmaq üçün ova çıxır. Bərk yaralanır. Bundan xəbər tutan düşmənlər Azərbaycan torpaqlarına hücuma hazırlaşırlar. Vətən sevgisi Bəkilə umu-küsünü unutdurur. Qazan xana xəbər göndərir ki, “özünü mənə yetir”.
Oğuz türkləri qadınlara ehtiram göstərir, ana haqqını Tanrı haqqına bərabər tuturdular.
«“Dədə Qorqud” dastanında xalqımızın həyat tərzi də əks olunmuşdur. Dastandan görünür ki, oğuzlarda əkinçilik, maldarlıq, sənətkarlıq və başqa sahələr yüksək inkişaf etmişdi. Taxıl əkibbiçmək oğuzların əsas məşğuliyyətindən biri idi. Oğuzların su dəyirmanı vardı. Dastanlardan görünür ki, o zaman Azərbaycanda ticarət də inkişaf etmişdi. Azərbaycan tacirləri uzaq-uzaq ölkələrlə ticarət edirdilər. Oğuzların ticarət üçün qızıl pulları — altun axçaları vardı.
Oğuzlar çətinə düşəndə Tanrıya sığınır, ümidlərini «dünyanı yoxdan var edən» Allaha bağlayırdılar. Onlar ağır sınaq anlarında Quranı — müqəddəs kitabı ortaya gətirir, ona əl basıb and içirdilər. Bunlar göstərir ki, əvvəllər tək Tanrıya inanan oğuzlar artıq islam dinini qəbul etmişdilər. Bu vaxta qədər yadellilərə qarşı türk-oğuz bayrağı altında mübarizə aparan çoxsaylı Azərbaycan—türk tayfalarını islam dini daha sıx birləşdirdi. Azərbaycanda yaşayan, lakin türk olmayan tayfalar da islam dinini qəbul etdilər. Onlar türk tayfaları ilə qaynayıb-qarışdılar.