§ 12. «KİTABİ-DƏDƏ QORQUD» — YURDUMUZUN TARİX SALNAMƏSİ
Vətən sizə el müdriki Dədə-
miz Qorqudun əmanətidir.
Oğuzlar xalqımızın və hazırda bir çox ölkələrdə yaşayan türk xalqlarının ulu babalarıdır.
Oğuzların həyatında baş vermiş hadisələr dildən-dilə keçərək zənginləşmiş və dastanlara çevrilmişdir. Bu dastanlarda xalqımızın qədim tarixi əks olunmuşdur. “Kitabi-Dədə Qorqud” oğuz türklərinin tərcümeyi-halıdır. Bu dastanın ilk boylarının* 1300-dən artıq yaşı var. Dastanın 11-ci əsrdə yazıya alındığı ehtimal olunur.
Bəzi tarixçilər tərəfindən dastanın müəllifi hesab edilən Dədə Qorqudun Məhəmməd peyğəmbərin zamanında yaşadığı yazılır. Dastanın müqəddiməsində, yəni başlanğıcında da bu məlumat verilir. Qorqud Dədəmizin kitabı oğuz türklərinin yaşayış tərzini, adətlərini, tarixinin bir çox hadisələrini özündə əks etdirir. “Kitabi-Dədə Qorqud” oğuz türklərinin ortaq dastanıdır, lakin onun Azərbaycanda yarandığı tarixçilər tərəfindən qeyd edilir. Dastanın dil xüsusiyyətləri və hadisələrin baş verdiyi məkan daha çox Azərbaycanla bağlıdır.
“Kitabi-Dədə Qorqud” dastanında, eyni zamanda xalqımızın erməni və gürcü feodallarına, onların havadarlarına qarşı mübarizəsi əks olunmuşdur. Onlar dastanda “qara donlu kafirlər” adlandırılır.
“Dədə Qorqud” dastanından aydın olur ki, hələ keçmiş zamanlardan düşmənlər türkləri bir-birinə qarşı qoymaq istəyirdilər. Dastanlardan birinäə “qara donlu kafirlər” Əyrək adlı bir oğuzu xəyanət yolu ilə əsir alırlar. Onu doğma qardaşı Səyrəklə toqquşdurmağa cəhd edirlər. Oğuz elinin başbiləni Dədə Qorqud buna yol vermir. O, iki qardaşı bir-biri ilə barışdırır. Bundan sonra qardaşlar düşmənə qarşı birgə mübarizə aparırlar.
Boy* — müəyyən hadisəyə həsr edilmiş hissə