Qətiyyətli mübarizəni görən xəlifə Babəkə qarşı ən bacarıqlı sərkərdəsi türk əsilli Afşini göndərdi. Xəlifə bu yolla bir türkü digər türkün köməyi ilə məğlub etmək istəyirdi. Afşin əvvəlcə açıq döyüşə girmədi. Yolları bərpa etdirdi, kəşfiyyat işlərini gücləndirdi. Çox keçmədən Afşinin başçılıq etdiyi ərəb ordusu Bəzz qalasını mühasirəyə aldı. Xilafət özünün bütün gücünü xürrəmilərə qarşı yönəltmişdi. Uzunsürən mühasirəyə baxmayaraq, xürrəmilər qəhrəmancasına döyüşürdülər. Lakin çoxsaylı düşmən ordusu üsyançıların müqavimətini qıra bildi. Bəzz qalası ələ keçirildi.
Babək Bəzz qalasını tərk etdi. O, yenidən qüvvələri birləşdirib mübarizəni davam etdirmək istəyirdi. Üsyançıların bir hissəsi həlak oldu. Əsir alınanlar da oldu. Babəkin oğlu da əsirlərin arasında idi. Xəlifə Babəkin hünərinə heyran qalmışdı. İstəyirdi ki, Babək Xilafət ordusunda sərkərdəlik etsin. Babəkin oğlunu da inandırmışdı ki, atasının cəsarətinə və sərkərdəlik məharətinə çox hörmət etdiyi üçün onu öz ordusunda görmək istəyir. Xəlifə və Babəkin oğlu məktub yazaraq Babəkdən təslim olmasını istədilər. Öz oğluna cavab məktubunda Babək yazmışdı: “...Qırx il kölə kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır!”
Xəlifənin təslim olmaq təklifini rədd edən Babək yeni qüvvə toplayıb mübarizəni davam etdirmək istəyirdi. Lakin yerli hakimlərdən birinin xəyanəti nəticəsində Babək əsir alındı.
Babəkin başçılığı ilə 21 ildən çox davam edən azadlıq hərəkatı amansızlıqla yatırıldı. Babək və onun sərkərdələri edam edildilər, lakin ölüm ayağında belə onlar düşmənə boyun əymədilər. Xalqımızın azadlıq mübarizəsi davam edirdi. Nəticədə, Xilafət zəiflədi və Azərbaycan onun tabeliyindən çıxdı. Dövlətçiliyimiz və müstəqilliyimiz bərpa edildi. Azərbaycanda yeni dövlətlər yarandı.
Xalqımız Babəki həmişə iftixarla yad etmişdir. Babək xalqımızın azadlıq, cəsarət və qürur rəmzinə çevrilmişdir. Onun haqqında əsərlər yazılmış, film çəkilmişdir. Respublikamızda Babəkin adını daşıyan rayon var.