Beləliklə, ərəb əsarətinə qarşı üsyanlar başladı. Sonralar bu üsyanlar güclənərək azadlıq uğrunda güclü hərəkata çevrildi. Bu hərəkat Xürrəmilər hərəkatı adlanırdı. Xürrəmilər Vətənimizin azadlığı uğrunda mübarizə aparırdılar. Onlar döyüşlərə azadlıq rəmzi olan qırmızı bayraqla gedirdilər. Hərəkatın əsas mərkəzi Azərbaycanın cənubunda yerləşən Bəzz qalası idi.
Xürrəmilər hərəkatına nəinki yoxsullar, hətta varlılar da qoşulmuşdular. Babəkin ətrafında mahir sərkərdələr toplanmışdı. Ordusunda güclü nizam-intizam yaratmış Babək Ərəb xilafətinin 6 ordusunu məhv etmişdi. Bu qələbələrin səbəblərindən biri də azadlığı hər şeydən üstün tutan xalqımızın birliyi idi.