İslam dini insanları yalnız Allaha inanmağa, ədalətli, mərhəmətli olmağa, elm öyrənməyə çağırmırdı. Birlik və qardaşlıq carçısı olan islam dini həm də insanlara dürüst olmağı təbliğ edirdi. İslam dini çox keçmədən dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda yayıldı.
İslam dinini qəbul etdikdən sonra ölkəmizin ərazisində yaşayan çoxsaylı tayfalar bir-biri ilə qaynayıb qarışdı. Vahid Azərbaycan xalqının yaranması prosesi sürətləndi. Xalqımız islam dəyərlərini qəbul edib, həyatını bu dəyərlər əsasında qurdu. Milli dəyərlərimiz islam dəyərləri ilə daha da zənginləşdi. Azərbaycanda islam dininin təsiri altında yeni mədəniyyət formalaşdı. Azərbaycanın şairləri, memarları, xəttatları islam dininin təsiri altında gözəl sənət nümunələri yaratdılar.
İslam dini və onun banisi Məhəmməd peyğəmbər elmə və təhsilə yüksək dəyər verir. Məhəmməd peyğəmbər deyirdi: «Bir gün elmlə məşğul olmaq, qırx il ibadət etməkdən önəmlidir».