Xristianlıq dini Azərbaycan əhalisi arasında da yayılmışdı. Hətta bir müddət Albaniya dövlətinin rəsmi dini də xristianlıq olmuşdur.
Şərqin ilk kilsələrindən olan Şəkinin Kiş kəndindəki alban məbədi xalqımızın islamaqədərki mədəniyyətinin yadigarlarından biridir.
Azərbaycanda hələ qədim zamanlardan yəhudilik dininə sitayiş edənlər də yaşamışlar. Xalqımız onların da dininə, adət-ənənələrinə hörmətlə yanaşmışdır.
Tanrıçılıq, xristianlıq və digər dinlər xalqımızın yalnız bir hissəsi tərəfindən qəbul edilmişdi. Bu isə xalqımızın birliyinə və mədəniyyətimizin inkişafına mane olurdu.
Təkallahlı dinlərdən biri də islam dinidir. Bu dinin əsasını 7-ci yüzillikdə Məhəmməd peyğəmbər qoymuşdu. O, Ərəbistanda — Məkkə şəhərində anadan olmuşdur. Əvvəllər o, ticarətlə məşğul olurdu.
Məhəmməd peyğəmbər düşünmək və dua etmək üçün Hira mağarasına gedirdi. Günlərin birində bütün gecəni orada dua edərək keçirmişdi. Gün doğmaq üzrə idi. Birdən bir səs eşitdi: «Oxu!» Beləliklə, ilk sözü «Oxu!» olan yeni bir din yarandı. Bu əmrlə Məhəmməd Allahın elçisi olaraq yeni dini — islam dinini yaymağa başladı. Müqəddəs «Qurani-Kərim» yarandı. İlk vaxtlar Allahın müqəddəs kəlamlarının toplusu olan «Qurani-Kərim» dəri, nazik ağ daş və xurma ağacının qabığı üzərinə yazılırdı. Sonralar kitab halına salındı. Peyğəmbər
bütlərə inananların təqibinə məruz qaldı. Amma onun tərəfdarlarının sayı sürətlə artdı. İnsanlar bütlərə deyil, islam dininə sitayiş etməyə başladılar.