İri küp burada yaşayan sənətkarların gildən saxsı qablar düzəltdiklərini göstərirdi. Qəbələdə aşkar olunmuş arxeoloji tapıntılar Arazdan şimalda qədim Azərbaycan dövləti olan Albaniyanın tarixini öyrənmək üçün böyük əhəmiyyətə malikdir.
Bu tapıntı Azərbaycan Albaniya dövlətinin ilk paytaxtı olmuş Qəbələnin də qədim tarixə malik olduğunu sübut edirdi. Tədqiqatçılar burada ticarətin inkişaf etdiyini təsdiq edən qədim pullar da aşkar etdilər.
Bu pullar zədələnmiş olsa da, üstündəki yazılar və şəkillər aydın görünürdü. Bu pulların köməyi ilə Qəbələnin keçmişi haqqında daha çox məlumat əldə etmək mümkün oldu. Pullar e.ə. 4—3-cü əsrlərə aid idi. Bu dövrdə Azərbaycanın şimal torpaqlarında da müstəqil dövlət olmuşdur. Həmin dövlət Atropatena ilə eyni dövrdə yaranan və Araz çayından şimalda yerləşən Albaniya dövləti idi.
Albaniya dövləti geniş əraziyə malik idi. Bu dövlət qədim gürcü dövləti olan İberiyanın sərhədlərindən başlayaraq Xəzər dənizinə qədər olan bütün Şimali Azərbaycan torpaqlarını əhatə edirdi. Albaniya əhalisi döyüşkən və cəsur idi. Burada 26 tayfa yaşayırdı. Onlardan ən nüfuzlusu albanlar idi. Vətən təhlükədə olanda əli silah tutan hər kəs müdafiəyə qalxırdı.