§ 8. QƏDİM AZƏRBAYCAN DÖVLƏTİ—ALBANİYA
Azərbaycanın qədim şəhərlərindən biri olan Qəbələdə qazıntı aparan arxeoloqlar bir gün böyük, içərisi qaralmış dənlərlə dolu olan küp tapdılar. Küpün içindəki qaralmış dənlər hansısa bitkinin toxumlarına bənzəyirdi. Bu, çox maraqlı tapıntı idi. Arxeoloqlar dənləri araşdırmaq üçün Bakıya göndərdilər. Çox keçmədən məlum oldu ki, bunlar kömürləşmiş taxıl dənləridir.
Əslində, bu tapıntı ərazi haqqında və burada yaşayan əhali haqqında çox şey deyirdi. Deməli, Azərbaycanın bu ərazisində zəngin əkinçilik təcrübəsi olmuşdur. Dənli bitkilər yetişdirilmişdir. Əgər taxıl küpə yığılıb saxlanılıbsa, demək, onu ehtiyat üçün saxlayırmışlar.