Ərazisində Urmiya adlı böyük, füsunkar bir göl var idi. Urmiya gölü o qədər böyük idi ki, içərisindəki adalarda qalın meşələr yaranmışdı. Bu meşələrdə vəhşi heyvanlar yaşayırdı. Atropatenalılar qayıqlarla adalara ova gedirdilər.
Torpaqların münbit və məhsuldar olması əkinçiliyin və bağçılığın inkişafına şərait yaradırdı. Taxıl zəmiləri göz işlədikcə uzanıb gedirdi. Bağlarda bol meyvə yetişdirilirdi. Yaylaqların, otlaqların çoxluğu maldarlığın inkişafına kömək edirdi. Ona görə də Atropatenada çoxlu mal-qara sürüləri və at ilxıları var idi.
Ölkə ərazisindəki çay və göllərdə balıq bol olduğu üçün balıqçılıq da inkişaf etmişdi.