Adı dilimizdə “dəmir” mənası verən Tomiris müdrik dövlət xadimi idi. Qonşu Fars hökmdarı II Kir Azərbaycanın Arazdan cənubdakı torpaqlarını işğal etdikdən sonra massaget tayfalarım tabe edib onların ərazilərini ələ keçirməyə çalışırdı. Məqsədinə nail olmaq üçün Kir hiyləyə əl atdı. O, Tomirisin yanına elçilər göndərib ona evlənmək təklif etdi. II Kir Tomirislə evlənməklə, əslində, massagetləri tabe etmək, onların torpaqlarını ələ keçirmək istəyirdi. Tomiris zalım və işğalçı hökmdarın təklifini rədd etdi. Bundan qəzəblənən II Kir massagetlərlə müharibəyə başlamaq qərarına gəldi.
Tomiris hökmdar olmaqla yanaşı, həm də nəcib Azərbaycan qadını, mərhəmətli ana idi. Ona görə də qan tökülməsini istəmirdi. Əvvəlcə o, II Kirdən müharibədən əl çəkməyi, geri qayıtmağı tələb etdi. Düşmən bu təklifi qəbul etmədi. II Kirin çoxsaylı qoşunu Arazı keçib Azərbaycanın şimal torpaqlarına daxil oldu, lakin massagetlərin çox cəsur olduğunu bilən II Kir onlarla açıq döyüşə girməyə cəsarət etmədi. Ona görə də hiyləyə əl atdı.
O, hərbi düşərgədə kiçik bir döyüşçü dəstəsi saxlayaraq geri çəkildi. Massagetlər II Kirin geri çəkildiyini güman etdilər. Elə düşündülər ki, kiçik bir qüvvə ilə düşmən ordusuna qalib gəlmək olar. Massagetlərin azsaylı hərbi dəstəsi düşmən düşərgəsinə hücum edib onları məğlub etdi.
Massaget döyüşçülərinə Tomirisin oğlu başçılıq edirdi. Düşmənin hiyləsini başa düşməyən massaget döyüşçüləri qələbə qazandıqlarını güman edib arxayın oldular. Axşam olmuşdu. Onlar yatıb dincəlmək və döyüşün yorğunluğunu çıxarmaq istədilər. Massaget döyüşçülərinin yuxuya getməsindən istifadə edən II Kir hücum edərək onları əsir aldı. Tomirisin oğlu da əsir düşdü. Azadlığı hər şeydən müqəddəs sayan, əsirliyi qüruruna sığışdırmayan hökmdar oğlu özünü öldürdü. Bu xəbəri eşidən Tomiris düşmən üzərinə hücum etdi. Vətən uğrunda savaşan cəsur massagetlər parlaq qələbə çaldılar.