Manna dövlətinin adı o zaman ölkəmizdə yaşayan ən güclü tayfanın adı ilə bağlı idi. Dövlətin paytaxtı İzirtu şəhəri idi. Ona gözəlliyinə və möhtəşəmliyinə görə «padşah şəhəri» deyirdilər.
Mannanın ən qüdrətli hökmdarı İranzu olmuşdur. O, çox müdrik və uzaqgörən hökmdar idi. Bu zaman artıq qonşuluqda da dövlətlər yaranmışdı. Bu dövlətlər Mannanın torpaqlarına göz dikir, fürsət düşən kimi onun ərazilərini tuturdular. İranzu qonşu dövlətlər tərəfindən işğal olunmuş torpaqları geri qaytarmağın yollarını axtarırdı. Ölkəsinin ərazi bütövlüyünü qorumaq və əhalisinin təhlükəsizliyini təmin etmək üçün İranzu vilayətləri birləşdirdi. Mərkəzi hakimiyyəti möhkəmləndirməklə dövlətin gücünü daha da artırdı. Bu yolla o, ölkəsinin işğal olunmuş torpaqlarını azad etdi. Qaçqın mannalıları geri qaytardı.
İranzunun padşahlıq etdiyi zamanlar Mannanın çiçəklənmə dövrü idi. Manna öz dövrünün ən güclü dövlətlərindən birinə çevrilmişdi.