Elmidar yoldaşlarına dedi ki, mən bu günü gör neçə ildir gözləyirəm, deyirsiniz, gedim arxada ölüm?! O, son nəfəsinə qədər qəhrəmancasına vuruşdu, amma geri çəkilmədi.
Aprel döyüşündə hər bir Azərbaycan əsgəri əsl qəhrəman idi. Onlardan Murad Mirzəyev, Samid İmanov və Şükür Həmidov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif edildilər.
Hərbçilərlə yanaşı, mülki əhali də əlindən gələni əsirgəmirdi. Vətən qeyrəti onları rahat buraxmırdı. Belə qeyrətli oğullardan biri Fərman Əsədli idi. O öz təşəbbüsü ilə Samux rayonundan Tərtərin döyüş bölgəsinə yardım apararkən düşmənin artilleriya atəşinə tuş gəlmiş, şəhid olmuşdu.
Beləcə, bir aprel səhəri Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi yazıldı. Bu böyük zəfərin başlanğıcı idi. Aprel döyüşləri nəticəsində Tərtər rayonunda mühüm yüksəklik, Horadiz şəhəri və Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və ətraf ərazilər azad edildi. Bu kəndlərdən biri olan Cocuq Mərcanlı bərpa edildi və yerli əhali öz yurduna döndü. Bu, bütün işğal edilmiş torpaqların azad edilməsinin başlanğıcı hesab olunur.