Samid İmanov, Murad Mirzəyev, Mühit Orucov və başqa Azərbaycan əsgərləri son nəfəslərinə kimi qəhrəmanlıqla, əsl vətənpərvər kimi döyüşdülər. Onlar qarış-qarış, addım-addım azad etdikləri müqəddəs vətən torpaqlarından sanki güc almışdılar. Murad Mirzəyev son anına qədər azad etdiyi mövqedən geri çəkilmədi. O, zəngin biliyə malik olan hərbçi idi. Türk, ingilis, rus dillərini mükəmməl bilir, hərb sənətindən bəhs edən kitabları həvəslə mütaliə edirdi. Sinəsini qabağa verib, pusquya düşmüş zabit və əsgərlərə yaralıları döyüş meydanından çıxartmaq əmrini verdi. Özü ayağından yaralansa da, meydanı tərk etmədi. Həmin döyüşdə Muradın dəstəsi düşmənin 14 tankını məhv etmişdi. Murad “Vətən sağ olsun!” deyərək, pulemyotu əlinə alıb, döyüşə atılmışdı. Samid İmanov əlində olan bütün silahlardan sona qədər istifadə etmişdi. Qumbaranı sona saxlamışdı ki, əgər birdən düşmənə əsir düşərsə, özünü partlatsın. Gizir Sərxan Bayramov da aldığı yaralara baxmayaraq, döyüş meydanından çıxmayıb, son nəfəsinə qədər vuruşmuşdu.
Pəncəli Teymurov əsl qəhrəman idi. Talış yüksəkliyinin alınmasında xüsusi fədakarlıq göstərmişdi. Döyüşdə hamıdan öndə gedirdi. O, müasir döyüş texnikasını mükəmməl bilirdi. Döyüş dostlarını canından artıq sevirdi, həmin gün həm Vətən uğrunda, həm də dostları uğrunda döyüşdü. Son nəfəsinə qədər bir qəhrəman kimi vuruşdu. Həmin döyüşlərdə Elmidar Səfərov yaralansa da, döyüş yoldaşlarının təkidlərinə baxmayaraq döyüş meydanını tərk etmədi.