§ 55. Aprel döyüşləri — böyük zəfərin başlanğıcı
2016-cı il aprelin 1-də işğalçı Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz şəhid oldu, yaralandı, mülki şəxslər, o cümlədən azyaşlı bir qız uşağı da həlak oldu. Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi.
Qəhrəman Azərbaycan döyüşçüləri — Murad Mirzəyev, Samid İmanov, Pəncəli Teymurov və başqaları həmin döyüşdə düşmənin arxa tərəfinə keçərək, mühüm əhəmiyyətli strateji bir yüksəkliyi geri aldılar. Murad Mirzəyevin başçılığı ilə Azərbaycan əsgərləri sol cinahdan* hücuma keçərək, qısa müddətdə Talış yüksəkliyini ələ keçirdilər.
Aprelin 2-si günortadan sonra düşmən böyük qüvvə və zirehli texnika ilə hücuma başladı. Qabaqda gedən Samid İmanov sərrast atəşlərlə onların hərbi texnikasını məhv etdi. Qəhrəman Azərbaycan döyüşçüləri düşmənin mövqelərini ələ keçirib səngərdə əlbəyaxa döyüşlərə
başladılar. Onların hər biri məğlubedilməz idi. Sağ cinahda isə cəsur komandirlər Raquf Orucov, Vüqar Yusifov və onların döyüşçüləri irəliləyirdilər. Qorxuya düşmüş düşmən əsgərləri qoruduqları mövqeləri qoyub geri qaçırdılar, çünki işğal etdikləri bu torpaqlar onların vətəni deyildi. Əgər belə olsa idi, onlar da Azərbaycan əsgərləri kimi həmin torpaqlar uğrunda şəhid olmağı şərəf sayardılar. Azərbaycan əsgərlərinin qəhrəmanlığı qarşı tərəfdə olan işğalçı erməni döyüşçülərini vahiməyə salmışdı.
Artıq üçüncü gün idi ki, fasiləsiz döyüşlər gedirdi. Yaralanan əsgərləri çıxmaq şərti ilə, döyüşçülərimizin heç biri gözlərini yumub, dincəlmək istəmirdi. Erməni ordusu böyük itki vermişdi.
*Cinah — tərəf, qol (orduda)