§ 54. ULU ÖNDƏRİN YOLU İLƏ
Azərbaycan Respublikasında Prezident seçkiləri keçirildi. Tarixin hər üzünü görmüş, dəfələrlə zamanın sərt sınaqlarından üzüağ çıxmış xalqımız 2003-cü ilin oktyabr ayında İlham Əliyevi Prezident seçdi. Xalq yaxşı bilirdi ki, siyasətlə məşğul olmaq, Ata Yurdumuzun, doğma xalqımızın mənafeyini qorumaq hər kəsin hünəri deyil. Dünya sürətlə dəyişir. Ölkələr, xalqlar arasında yeni münasibətlər, əlaqələr yaranır. Yeni rəhbər bütün bunlardan baş çıxarmalı, Heydər Əliyevin tutduğu yoldan dönməməlidir. O, işğalçı erməniləri doğma Qarabağımızdan, işğal olunmuş bütün Vətən torpaqlarından qovub çıxarmaq üçün Heydər Əliyev kimi mübarizə aparmağı bacarmalıdır. Bu çətin vəzifələrin öhdəsindən ancaq İlham Əliyev gələ bilərdi. O, Vətənimizin müstəqilliyinin qorunub saxlanılmasında və yeni Azərbaycanın qurulmasında fəal iştirak etmişdir. İlham Əliyev ölkəmizin daxilində həyata keçirilən quruculuq işlərinə böyük əmək sərf etmişdi. Heydər Əliyev xarici siyasətlə, xüsusən neft ixracı ilə bağlı ən mürəkkəb, ən çətin vəzifələri həmişə ona tapşırırdı. İlham Əliyev bütün bu tapşırıqların öhdəsindən həmişə layiqincə gəlmiş və müstəqil Azərbaycanın neft siyasətinin həyata keçirilməsində mühüm rol oynamışdır.
İlham Əliyev hələ Milli Məclisin deputatı olarkən Avropa Şurasının Parlament Assambleyasında erməni işğalçılarını cəsarətli və qətiyyətli çıxışları ilə ifşa etmişdi. O, Avropa Şurasında böyük hörmət qazanmış, onun rəhbərlərindən biri səviyyəsinə ucalmışdı.