§ 53. MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSU
Azərbaycanın dahi oğlu Heydər Əliyev həyat və fəaliyyətini müstəqil Azərbaycanın yaradılmasına və inkişafına həsr etmişdir. O, hələ sovet Azərbaycanının rəhbəri olduğu vaxtda da vətənimizin iqtisadiyyatının dirçəlməsinə çalışmışdı. Əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına, elm və mədəniyyətin inkişaf etdirilməsinə böyük diqqət ayırmışdı. Vətənimizdə yeni fabrik və zavodlar açılırdı. Tikinti və abadlıq işləri aparılırdı. Beləliklə də, yeni iş yerlərinin açılması təmin edilirdi.
Heydər Əliyev hadisələri düzgün qiymətləndirən böyük dövlət xadimi idi. Tarixi hadisələrin axarını əvvəlcədən müəyyən edə bilirdi. Ona görə də məhz ötən əsrin 70-ci illərindən başlayaraq o, gələcək müstəqil Azərbaycanın təməlini qoyurdu.
Heydər Əliyev hələ o illərdən vətənimizin gələcəyini düşünərək milli siyasət yeridirdi. Azərbaycan dilinin, milli adət-ənənələrin qorunması, milli kadrların hazırlanması hər zaman onun diqqət mərkəzində idi. Heydər Əliyev bizim gənclərin xaricdə, Sovet İttifaqının ən böyük təhsil ocaqlarında təhsil almasını təmin edirdi.
Heydər Əliyevi narahat edən məsələlərdən biri azərbaycanlı hərbi kadrların çox az olması idi, çünki hələ çar Rusiyası dövründəazərbaycanlıların döyüş bacarığının məhv edilməsi üçün gənclər hərbi xidmətə cəlb edilmir, onlara mübarizə əzmini unutdurmağa çalışırdılar. Bu siyasət sovet hökuməti dövründə də
davam edirdi. O bunu dərk edirdi və gələcək faciələri duyaraq məqsədli tədbirlər görürdü. Heydər Əliyev çox çətin maneələri dəf edərək general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Eyni zamanda azərbaycanlı gənclərin Sovet İttifaqının digər hərbi məktəblərində oxuması üçün tədbirlər gördü.