Artıq dayanmaq olmazdı, intiqam vaxtıydı. Mübariz avtomatını sinəsinə sıxıb dayanmadan atəş açırdı. Düşmən böyük itki vermişdi.
Mübariz yerindən qalxıb geriyə, doğma səngərlərinə doğru getdi. Tələsirdi, bir azdan səhər açılacaqdı. Neçə saat idi vuruşurdu. Atəş açmaqdan avtomat qızıb ovcunu bişirmişdi. Amma indi göynəyən ovcunun hayında deyildi, tək canıyla düşmənə böyük itki vermişdi. Gör Azərbaycan ordusu hücuma keçsəydi, nələr olardı.
O gecə Mübariz də şəhid oldu. 19 iyun gecəsinin səhəri Mübariz İbrahimovun adı ilə açıldı. Hamı Azərbaycanın Mübarizindən, onun qeyri-adi şücaətindən danışırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verildi. Doğulduğu Biləsuvar şəhərində adına küçə verildi, məktəb açıldı.
Düşmən uzun müddət Mübariz İbrahimovun cəsədini Azərbaycana qaytarmaq istəmirdi. Ölkə başçısının israrlı tələblərindən sonra Mübariz İbrahimovun cəsədi ermənilərdən alınaraq Bakıya gətirildi və Fəxri Xiyabanda dəfn olundu.