Bundan sonra telefon əlaqəsi kəsildi.
2010-cu il 19 iyun gecəsi Mübariz qəflətən ayağa qalxdı. Elə bil səngərə sığışmırdı. Daha dözə bilmirdi. Dəfələrlə televiziyada göstərilən bir səhnəni heç unuda bilmirdi. Jurnalist Çingiz Mustafayevin qucağında şaxtadan quruyub qaxaca dönmüş o Xocalı körpəsini. O qızcığazı görən gündən intiqam hissi ilə yanırdı. Düşmən bu balaca qızın həyatını məhv etmişdi. Yaşasaydı, indi böyük bir qız olardı, universitetlərin birində oxuyardı. Mübariz beləcə düşünə-düşünə gecənin yarısı, ətraf səssizliyə qərq olanda silahını götürüb səngərdən çıxmışdı. O, bir ildən artıq idi ki, niyyətini kimsəyə söyləmədən bu gecə üçün hazırlaşmışdı. Silahdan dəqiq nişan almağı, bıçaq
atmağı, əlbəyaxa vuruşmağı... Bir sözlə, hər şeyi mənimsəmişdi. Hər gün idmanla məşğul olmuşdu. Ona görə də fiziki hazırlığı çox yüksək idi. Yoxsa, düşmən üstünə getməyin nə mənası vardı?
Mübariz artıq təmas xəttini keçmişdi. Hər iki tərəfdə sakitlik idi. Əli avtomatının tətiyindəydi, hər an atəş açmağa hazırdı. Düşmənlə harada qarşılaşacağını da yaxşı bilirdi. Hələ bir az da qabağa getmək lazımdı. Amma bu elə də asan deyildi. Ətrafında ağac deyilən bir şey yox idi ki, gizlənə bilsin. Xırda təpəciklərin, qaya parçalarının, susuzluqdan boy atmamış böyürtkən kollarının, sirkan topalarının arxasına sinə-sinə irəliləyirdi. Yorulmamışdı, amma tər içindəydi. Murov dağından əsən sərin meh açıq yaxasından istilənmiş bədəninə hopurdu.
Bir an ayaq saxlayıb geriyə, qoyub gəldiyi səngərlərinə tərəf baxdı. Fikirləşdi ki, görən duyuq düşüb onu axtarmırlar ki? Onun haqqında pis fikrə düşməzlər ki? «Qoy nə düşünürlər, düşünsünlər, sabah açılanda əsl həqiqəti eşidib biləcəklər».
Yenidən düşmən səngərinə doğru irəlilədi. Bir az da getdi və nəhayət, düşmən əsgərini gördü. Düşmən əsgəri də onu görmüşdü. Mübariz bir atəşlə düşməni yerə sərdi. Düşmən əsgərləri qəfil atəş səsinə səngərlərdən çıxıb ora-bura qaçmağa, hara gəldi atəş açmağa başladılar. Mübariz gecənin alatoranlığında onları çox yaxşı görürdü.