5 gün düşmənin hücumlarının qarşısını o, təkbaşına almışdı. Məbədi atəşə tutan, dalbadal hücuma keçən ermənilərin heç ağlına da gəlmirdi ki, onlar bu müddət ərzində çox sayda əsgərləri olan hərbi dəstə ilə deyil, 21 yaşlı azərbaycanlı bir gənclə döyüşürlər.
Əsir ermənilərin dediklərini əsgərə söyləyib özündən başqa 22 nəfər azərbaycanlının onların əlində olduğunu bildirdi. Sonra geri çəkilməyə imkanı olduğu halda əsgərin bunu nə üçün etmədiyini soruşdu. Əsgər dedi:
— Komandirə söz vermişəm, bayrağı və postu qoyub gedə bilmərəm. Düşünürdüm ki, axıradək vuruşacağam. Son gülləmi özümə saxlayacağam.
Əsir əsgərdən xahiş etdi ki, onu vursun, öləcəksə, heç olmasa, qoy özümüzünkülərin gülləsindən ölsün. Əsgər başa düşdü ki, əsir bu sözləri ilə ona təslim olmamağı, sona qədər döyüşməyi təklif edir. Bir anlığa xəyala daldı. Sonra kədərli səslə bildirdi:
— Mənə görə 23 nəfər əsirin güllələnməsinə razı ola bilmərəm.
O, bunu deyib havaya güllə atdı, ayağa qalxaraq Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. Bayrağı sinəsinə sıxıb ermənilərin gizləndiyi qayalıqlara sarı getdi. Düşmənin səngərlədiyi qayalığa çatıb dayandı. Ermənilər qorxularından qayaların arxasından çıxmaq istəmirdilər. Sonra bir neçəsi ona yaxınlaşaraq üst-başını axtardı. Onlar bu gəncin 5 gün təkbaşına müqavimət göstərməsinə heç cür inana bilmirdilər. Tam əmin olmaq üçün kilsəni aramsız avtomat atəşinə tutdular. Lakin cavab atəşi eşidilmədi. Kilsədə heç kimin olmadığını görəndə pərt olub daha da qəzəbləndilər.
Əsgər üçrəngli bayrağımızı sinəsinə sıxaraq erməni yaraqlılarının qarşısında qürurla dayanmışdı. Bu gənc qəhrəman Azərbaycan əsgəri Natiq Səlim oğlu Qasımov idi.