§ 52. QARABAĞ MÜHARİBƏSİ QƏHRƏMANLARI
I. «7 ƏSGƏRDƏN BİRİ...»
Bu hadisə 1992-ci ilin martında baş vermişdir. Azərbaycan döyüşçülərinin kiçik bir dəstəsi Qarabağda böyük əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini almışdı. Tapşırıq yerinə yetirildi və yüksəklik ələ keçirildi. Döyüşdə komandir və bir neçə əsgərimiz həlak oldu. Sağ qalan 7 əsgərimiz Azərbaycan bayrağını yüksəkliyə sancdı. Qəhrəman döyüşçülərimiz qədim alban kilsəsində mövqe tutdular.
Əlavə qüvvə toplayan düşmən aramsız hücumlarla yüksəkliyi geri qaytarmaq istəyirdi. Ermənilər iki gün yüksəkliyi ələ keçirməyə cəhd etdilər. Lakin onların bu cəhdləri uğursuzluqla nəticələndi. Düşmən hər dəfə itki verərək geri çəkilmək məcburiyyətində qaldı.
Kilsədə böyük bir hərbi dəstənin yerləşdiyini güman edən ermənilər əsir aldıqları dinc sakinlərdən birini alban məbədinə göndərməyi qərara aldılar. Məbədə göndərmək üçün seçdikləri əsirə tapşırdılar: «Azərbaycan döyüşçülərinə de ki, əgər təslim olmasalar, bütün əsirləri güllələyəcəyik».
Azərbaycanlı əsir yavaş-yavaş yüksəkliyə qalxdı. Kilsədən tüstü çıxırdı. Nəfəsini dərib soyuq divara söykəndi. Gecə yağan yağışdan islanmış üçrəngli bayraq ağır-ağır yellənirdi. O, bu mənzərədən kövrəldi. Bayrağa baxıb ağladı. Kilsəyə çatıb ana dilində: «Orda kim var, mən Xocalıdan əsir düşənlərdənəm, məni sizin yanınıza göndəriblər», — dedi. İçəridə kimsə öskürdü və güclə eşidilən bir səslə onu içəri çağırdı. Əlini divara sürtə-sürtə səs gələn tərəfə getdi. Bacadan düşən işığın altında bir avtomat, bir əl pulemyotu, çoxlu boş patron gördü. Burada yalnız bircə əsgər var idi. O, yerdə uzanmışdı.
Əsir yaxınlaşıb əsgərdən yaralı olub-olmadığını soruşdu. Əsgər zəif səslə yaralı olmadığını deyib su istədi. Əsir ondan öyrəndi ki, sən demə, 7 igid döyüşçümüzün altısı beş gün əvvəlki şiddətli hücumda həlak olub və məbəddə təkcə o qalıbmış.