Cinayəti görmək istəməyən, insan haqlarını şüar etmiş böyük dövlətlər də bu vəhşiliyə şərikdirlər. Çünki insanlıq aləmində ədalət məhkəməsi ilə yanaşı, vicdan məhkəməsi də vardır. Nə qədər ki, böyük dövətlər bu cinayətə göz yumacaq bu onların vicdanına yazılacaq. Gözlərin kor olması insanın duyğularını, mənəviyyatını öldürmür. Vicdanın kor olması isə insanı mənəvi cəhətdən şikəst edir, insanlıq duyğularını öldürür. Xocalıda dinc əhaliyə qarşı qəddarlıq hadisəsinin təşkilatçıları və iştirakçıları olan — Ermənistan rəhbərliyi də baş verənləri etiraf etmişdir. Bu amansız etiraf qarşısında dünya birliyinin susması təəccüb və təəssüf doğurur.
Xocalı hadisəsi tariximizə yalnız faciə və soyqırımı olaraq yazılmamışdır. Xocalı həm də qəhrəmanlıq salnaməsidir. Xocalının azsaylı müdafiəçiləri düşmənin təpədən-dırnağa qədər silahlanmış qoşununa qəhrəmancasına müqavimət göstərmişdir. Xocalı hava limanını müdafiə edən dəstənin komandiri Əlif Hacıyev və Milli Ordunun komandiri Tofiq Hüseynov Xocalı uğrunda döyüşlərdə şəhid olmuşlar. Onlar Azərbaycanın Milli qəhrəmanlarıdırlar.