Xocalı Dağlıq Qarabağın ən mühüm şəhərlərindən biri idi.
Xocalı soyqırımı zamanı erməni cəlladlarının bu qanlı cinayətlərinin üstünü açmaq, onu dünyaya çatdırmaq üçün xalqımızın qəhrəman oğlu Çingiz Mustafayev misilsiz hünər göstərdi. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Çingiz Mustafayev o zaman Azərbaycan televiziyasının müxbiri idi. Hadisə yerinə ilk gedənlərdən biri olan Çingiz deyirdi ki, fevralın 28-də hərbi vertolyotla faciə yerinə gəldik. Hələ havada ikən meyitlərlə dolu böyük bir meydan gördük. Yerə enəndən sonra bizimlə gələn polis işçiləri meyitləri vertolyota yığmalı idilər. Polis işçilərindən ikisi bu qədər adamın öldürüldüyünü və meyitlərin eybəcər hala salındığını görəndə dəhşətdən huşunu itirdi. Körpələr, uşaqlar, qadın və qocalar qəddarcasına qətlə yetirilmişdilər. Çoxlarını ailəliklə — hamısını birdən öldürmüşdülər.
Çingiz Mustafayevin kamerası işgəncə ilə qətlə yetirilmiş uşaqları və böyükləri çəkmişdi. Tezliklə xarici jurnalistlər də baş vermiş qırğın yerinə getmiş və erməni vəhşiliyini öz gözləri ilə görmüşdülər. Onlardan biri — fransız jurnalist demişdi ki, mən müharibələr, faşistlərin qəddarlıqları haqqında çox şey eşitmişəm. Lakin körpələri, uşaqları və dinc əhalini amansızlıqla qətl edən ermənilər onları ötüb keçmiş, arxada qoymuşlar.
Həmin gün 613 nəfər azərbaycanlı qətlə yetirildi. Onlar yalnız azərbaycanlı olduqları üçün erməni faşistləri tərəfindən qətlə yetirildilər. 1275 nəfər Xocalı sakini girov götürüldü. Bu cinayət, əslində, yalnız erməni cəlladlarının adına yazıla bilməz.