§ 50. İSTİQLALIMIZIN BƏRPASI
Hər bir xalqın malik olduğu ən böyük sərvət onun müstəqil dövlətidir. Müstəqil dövlət hər bir xalqın təhlükəsizliyinin təminatıdır. Azərbaycanın zəngin torpaqları və təbii sərvətləri tarix boyu düşmənlərin diqqətini cəlb etmişdir. Ölkəmiz işğalçı yürüşlərə məruz qalmışdır. Bu isə bəzən müstəqilliyimizin itirilməsi ilə nəticələnmişdir. Xalqımız heç vaxt bununla barışmamış, öz müstəqilliyi uğrunda mübarizə aparmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Onun süqutundan sonra Sovet imperiyasının 70 illik əsarəti dövrü başlandı, lakin xalqımız öz müstəqilliyi uğrunda mübarizəni davam etdirdi. O bu mübarizədə çoxlu şəhidlər verdi. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı xalqımızın müstəqillik istəyini daha da gücləndirdi. Sovet imperiyasının varlığını qorumaq cəhdləri uğursuz oldu.
1991-ci il avqustun 30-da xalqın tələbi ilə “Bəyannamə” qəbul olundu. Bəyannamə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edirdi. Bəyannamədə bildirilirdi ki, Azərbaycanda yaşayan türklər və onlarla birlikdə bütün başqa xalqların nümayəndələri Azərbaycan Respublikasının vətəndaşlarıdır; bərpa olunan müstəqil Azərbaycan dövləti onların azad yaşamasına çalışacaqdır. Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığını qorumaq bu dövlətin müqəddəs borcudur.
Bəyannamədə, həmçinin bildirilirdi ki, müstəqil Azərbaycan Respublikası dünyanın bütün müstəqil dövlətləri ilə əlaqələr yaratmağa hazırdır. Rusiya isə Azərbaycan Respublikasının müstəqil dövlət olmasına mane olmaq istəyirdi. Buna görə də Dağlıq Qarabağda vəziyyət daha da gərginləşdirildi. Vaxtilə ermənilərin torpaqlarımıza köçürülməsində məqsəd də elə bu idi. Rusiyanın köməyi ilə Azərbaycanın Yuxarı Qarabağ və Goranboy ərazisinin bir hissəsini birləşdirən qondarma “Dağlıq Qarabağ Respublikası” yaradıldı.