Şəhidlərin dəfn olunduğu gün sovet ordusunun qüdrəti də “dəfn olundu”.
Üzərinə tuşlanan silahdan qorxmayaraq sovet generalının üzünə “Siz faşistsiniz!” deyə hayqıran Bəxtiyar Vahabzadə yazırdı:
Yalın əllər ilə tanklar üstünə,
Atılan cavanlar, eşq olsun sizə!
Siz təsdiq etdiniz azadlığın da
Halal olduğunu millətimizə!
Azərbaycan xalqının qəhrəmanlığı dünyanın nüfuzlu qəzetlərindən birində belə ifadə edilmişdir: “Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyanın qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar.”
20 Yanvar şəhidləri 1918-ci il Mart soyqırımı qurbanlarının uyuduqları yerdə dəfn edildilər. Bu yer hazırda Şəhidlər xiyabanı adlanır.