20 Yanvar şəhidlərindən
1990 - cı il yanvarın 19-u idi. Axşam televiziya verilişləri birdən kəsildi. Çünki Azərbaycan xalqına qarşı qırğına başlayan sovet ordusu, ilk olaraq, televiziyanın enerji blokunu partlatmışdı. Məqsəd dinc əhaliyə qarşı cinayəti gizlətmək idi. Axşamdan xeyli keçmiş şəhərdə atəş səsləri eşidilməyə başladı. İşıq saçan güllələr Bakı səmasını bürümüşdü. Tankların, zirehli hərbi maşınların qorxunc səsi yüksəlirdi. Silahsız xalq — qoca-cavan, qız-gəlin və uşaqlar güllələnirdi. Hətta müharibə dövründə belə atəşə məruz qalmayan təcili yardım maşınlarına atəş açılır, həkimlər qətlə yetirilirdi. Bu, təkcə cinayət deyildi. Həm də vəhşət idi. Şəhərin küçələri günahsız adamların — qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Onlar azadlıq mübarizəsinin şəhidləri idi. Lakin sovet ordusu xalqımızın azadlıq ruhunu öldürə bilmədi.
Yanvarın 22-si şəhidlərin dəfn günü idi. Ölkəmizdə 3 günlük matəm elan olunmuşdu. İnsan seli və qərənfillərlə örtülmüş şəhidlərin tabutlarından heyrətlənən sovet ordusunun zabitlərindən biri xalqımızın mətinliyini belə qiymətləndirmişdir: “Öz azadlığı uğrunda canından və sərvətindən keçməyə hazır olan bu xalq məğlubedilməzdir!” Onlar öz ölümləri ilə bu qorxunu öldürmüşdülər.