Orta daş dövründə əmək alətləri xeyli təkmilləşdi. İnsanlar ox və kamanı ixtira etdilər. Ovçuluq insanların həyatında mühüm yer tutdu. Ox və kaman iri, təhlükəli heyvanları uzaqdan asanlıqla ovlamağa imkan yaradırdı. Sümükdən harpun adlanan alətin hazırlanması balıq ovunun daha da asanlaşmasına səbəb oldu.
Qədim insanlar nizə, ox və kamanla heyvan ovlayırdılar. Harpunla balıq tutur, sümüyündən iynə, ox ucluğu düzəldirdilər.
Orta daş dövründə insanlar əkinçiliklə və maldarlıqla da məşğul olmağa başlamışdılar. Yeni daş dövründə qədim insanlar əmək alətlərini daha da təkmilləşdirdilər. Onlar ağacdan düzəltdikləri ucu şiş alət — toxa ilə torpağı yumşaldıb toxum əkir, heyvan sümüyündən hazırlanmış oraqla məhsulu biçirdilər.
Min illər bundan əvvəl insanlar metalı kəşf etdilər. Mis qədim insanın tanıdığı ilk metal idi. Metal emalının kəşfi daha mükəmməl əmək və ov alətlərinin meydana gəlməsinə səbəb oldu.