§ 49. QANLI YANVAR
Hər bir xalqın tarixində elə hadisələr olur ki, onun təkcə tarixində deyil, həm də ruhunda, qan yaddaşında iz qoyur. Ölkəmizin müasir tarixində belə hadisələrdən biri 20 Yanvar faciəsidir. 1990-cı ilin 19 yanvar gecəsi sovet ordusu tərəfindən Bakıda öz vətəndaşlıq hüquqlarını ifadə etmək, qorumaq üçün ayağa qalxmış dinc, silahsız insanlar amansızlıqla qətlə yetirildi. Bəs bu hadisə nə üçün və necə həyata keçirildi?
Sovet imperiyasının başçıları SSRİ-nin dağılmasının qarşısını almaq, azadlığını tələb edən xalqımızı qorxutmaq istəyirdi. Ona görə də bütün ölkədə azadlıq hərəkatının ən güclü mərkəzi olan Bakını qan gölünə çevirmək qərara alınmışdı. Bakı ətrafına çoxlu qoşun hissələri gətirilirdi. Şəhər həyəcanlı günlər yaşayırdı. Evlərdə, küçələrdə və iş yerlərində hər kəs danışırdı: «Bakıya qoşun gəlir!» Amma insanlar qorxmurdular. Onlar şəhərin girişindəki meydan və küçələrə axışırdılar. Azadlıq mübarizləri doğma şəhəri müdafiə etmək istəyirdilər. Tankların, əsgərlərin gələcəyi yollarda sipərlər yaradılmışdı. Silahsız olsalar da, ürəklərində vətən sevgisi var idi. Bu sevgi onları yenilməz, məğlubedilməz edirdi.