Artıq xalqımız başa düşürdü ki, azadlıq əldə etmədən, özünün müstəqil dövlətini yaratmadan Qarabağ düyününü aça bilməyəcəkdir. Azərbaycan xalqının Qarabağ uğrunda mübarizəsi bütün Azərbaycanın azadlığı uğrunda mübarizəyə çevrilmişdi. Azərbaycan xalqı öz azadlığı uğrunda, müstəqil dövlətini yaratmaq uğrunda mübarizəyə qalxmışdı. Yüz minlərlə vətəndaş Azadlıq meydanına toplaşırdı. Azadlıq meydanı sanki insan dənizi idi. Bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Azadlıq hərəkatı hər ötən gün daha da güclənirdi. 1989-cu ildə azadlıq uğrunda, ərazi bütövlüyü uğrunda mübarizədə xalqı birləşdirmək məqsədilə Azərbaycan Xalq Cəbhəsi (AXC) yaradıldı. Əbülfəz Əliyev (Elçibəy) onun sədri seçildi.