Budur, bir dəstə məktəbli də nizamla cərgələnərək Azadlıq meydanına doğru irəliləyir “A-zər-bay-can! A-zərbay- can! Qarabağ bizimdir!!!” — deyə ucadan qışqırırdılar. Başqa nümayişçi dəstələrindən olan yoldaşları da onların səsinə səs verirdilər. Bu qayda ilə dəstələr meydana toplaşırdı. Meydanda o qədər adam vardı ki, sanki böyük bir insan dənizi idi.
Çıxış edənlərin hamısı Ermənistanın Azərbaycana qarşı düşmənçilik hərəkətlərinin dayandırılmasını tələb edirdi. Çıxışlarda “Müstəqillik!”, “Azadlıq!” çağırışları da eşidilirdi. Mitinq zamanı meydanın ayrı-ayrı yerlərində üçrəngli, ay-ulduzlu bayraqlar görünməyə başladı.
Azərbaycanın görkəmli ziyalıları — Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Xudu Məmmədov və başqaları xalqı mübarizəyə səsləyirdilər.
Azadlıq şairi Xəlil Rza Ulutürk “Meydan” şeirində yazırdı:
Mübarizə hələ təzə,
Təzə qızır mübarizə.
Biz dönməriz bu meydandan,
Doğransaq da rizə-rizə.
Beləcə, ermənilərin Dağlıq Qarabağdakı özbaşınalığına və yurdumuzun bu doğma guşəsini əlimizdən almaq üçün qurulmuş hiylələrə qarşı başlanan hərəkat Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatına çevrildi. Azadlıq meydanındakı mitinqlərin isə ardı-arası kəsilmirdi. Mitinqlərdə iştirak edən adamların sayı çox vaxt milyonu ötürdü.