Dağlıq Qarabağda ermənilər silahlanırdılar. Azərbaycanlıların bəzisində olan adi ov silahları da zorla onların əlindən alındı. Beləliklə, silahsız, əliyalın xalq Moskva tərəfindən himayə olunan və silahlandırılan ermənilərlə üz-üzə qaldı.
Azərbaycan xalqı içərisində narazılıq getdikcə artırdı. Çünki SSRİ hökumətinin xalqımıza qarşı düşmənçilik mövqeyi getdikcə daha aydın olurdu. Qərbi Azərbaycandan — Ermənistandan qovulan həmvətənlərimizin acınacaqlı vəziyyəti də xalqımızın səbir kasasını doldurmaqda idi. Bundan başqa, Ermənistanın və Moskvanın müdafiə etdiyi Dağlıq Qarabağ ermənilərinin xalqımıza qarşı düşmənçilik çıxışları gündən-günə daha təhlükəli vəziyyət alırdı. Xalqımızın səbir kasasını daşıran son damla isə ermənilərin Dağlıq Qarabağda özbaşınalığı — tarixin yadigarı olan Topxana meşəsinin qırılması oldu. Azərbaycan xalqı ayağa qalxdı və əzəmətli qüvvə kimi yenidən mübarizə meydanına atıldı.
...1988-ci il noyabrın 17-si idi. Səhər tezdən başlayaraq paytaxtımızın ayrı-ayrı yerlərində nümayişçi dəstələri yaranırdı. Nümayişçilər əllərində Azərbaycan SSR-in oraq-çəkicli bayrağı ilə dəstə-dəstə indiki Azadlıq meydanına tərəf üz tutdular.