Sürücünün sükanı yanında bərkidilmiş əl boyda kompüterdə marşrutun bütün xəritəsi göstərilir. Həmin xəritədə marşrutdakı bütün döngələr, körpülər, keçidlər, yolun vəziyyəti və s. tam dəqiqliyi ilə verilir. Beləliklə, ömründə birinci dəfə bu marşrut üzrə işləyən sürücü avtobusu arxayın idarə edir. Sürücü kiçik səhvə belə yol verdikdə kompüter «dilə gəlib» bu səhvi düzəldir.
Lütfi Zadənin bu kəşfləri gələcək yüzilliklərdə də əhəmiyyətini itirməyəcək. Elə buna görə də Lütfi Zadə gələcək yüzilliklərdə də dünyanın ən məşhur alimlərindən biri olaraq qalacaq.
Lütfi Zadə xalqımızın dünya elminə bəxş etdiyi ən böyük alimlərdən biridir. O, ikiyə bölünmüş vətənimizin, otaylı-butaylı xalqımızın dahi oğludur.
Lütfi Zadə dünya şöhrətli alimdir. Dünyanın ən məşhur alimləri adlarını əbədiləşdirən bir və ya iki kəşf etmişlər. Lütfi Zadənin isə beş belə kəşfi vardır. O, adı tarixə əbədi həkk olunan alimlərdəndir.
Ona ABŞ-da Kaliforniya Universitetinin ömürlük fəxri professoru adı verilmişdir. Bu, dünya alimlərindən yalnız bir-iki nəfərə nəsib olmuşdur. Azərbaycan alimləri Lütfi Zadənin adını daşıyan Beynəlxalq Müasir Elmlər Akademiyası yaratmışlar.
2017-ci ildə ABŞ-da vəfat edən müasir dövrün görkəmli alimi vəsiyyətinə görə doğma vətəndə — Bakıda dəfn edildi.
Lütfi Zadənin elmi kəşflərinə həsr edilmiş çoxlu beynəlxalq konfranslar keçirilmişdir. Lütfi Zadə bütün konfranslarda azərbaycanlı alimləri çıxışa dəvət edir, yaxud digər türk alimlərinə söz verirdi. Beləliklə, o, türk xalqlarının alimlərini qiymətləndirir, onları dünyaya tanıdırdı.