Beləliklə, o, həyatı, dünyanı, kainatı dərk etməyin yeni yolunu göstərdi, kəşf etdi. Bu isə dünyaya yeni elmi baxış adlanır. Beləliklə, Lütfi Zadə elmdə çevriliş etdi.
Lütfi Zadənin elmi kəşflərindən, birinci olaraq, Yaponiya firmalarında, sənaye şirkətlərində istifadə olundu. Onun kəşfi əsasında Yaponiyada paltaryuyan maşınlar, fotoaparatlar, rəngli televizorlar və s. istehsal olundu. Bu aparatların, cihazların hər birində müəyyən işi görmək üçün düyməni basmaq kifayətdir. Məsələn, paltaryuyan maşındakı düyməni basmaqla paltardakı ləkə tapılır, ona uyğun dərman buraxılır və paltarın yuyulması başa çatır. Beləliklə, insanın uzun müddət ərzində görə biləcəyi işi «ağıllı» maşın az vaxt içərisində görür.
Lütfi Zadənin kəşflərinin böyük elmi əhəmiyyətinə görə ona Yaponiyanın elm sahəsində ən yüksək mükafatı verildi.
Amerika Birləşmiş Ştatlarının kosmosu öyrənən proqramları da Lütfi Zadənin yeni elmi kəşfləri əsasında hazırlanır. Bu isə dünyanı, kainatı daha dərindən, daha yaxşı öyrənməyə imkan verəcək. 21-ci yüzillikdə elə ağıllı maşınlar yaradılacaq ki, onlar insan kimi, insana yaxın səviyyədə düşünə biləcək. Kosmosu öyrənən aparatların özləri də yaxın gələcəkdə fikirlə idarə olunacaq. Hətta kosmosa uçan gəmini idarə etmək üçün adamın gəmidə olmasına ehtiyac qalmayacaq.
Lütfi Zadə dünya idarəetmə elminə də böyük töhfə vermişdir. Dünyanın qabaqcıl ölkələri indi alimin bu kəşfindən istifadə edirlər. Lütfi Zadənin kəşfi əsasında işləyən kompüterlər rəqəmlərlə, şifrələrlə yox, sözlərlə, cümlələrlə idarə olunur. Yəni qatar, avtomobil avtomatik idarə olunur. Onu elektron robot idarə edir, özü də sürücüdən yaxşı.