1979-cu ildə Tehranda Ustad Şəhriyarın arzularına qanad verən Azərbaycan dilində “Varlıq” adlı bir jurnal nəşr olundu. Jurnalın yaradıcısı və baş redaktoru dünya şöhrətli cərrah, tarixçi, alim doktor Cavad Heyət idi. Şair jurnalın ilk sayını böyük sevinclə qarşılayaraq çox keçmədən özü də onun əməkdaşına çevrildi.
Məhəmmədhüseyn Şəhriyar uzun sürən xəstəlikdən sonra 1988-ci ilin sentyabr ayında Tehranda vəfat etmişdir. Məzarı Təbrizdə “Şairlər məqbərəsi”ndədir.
Ölkəmizdə Məmmədhüseyn Şəhriyarın adını daşıyan park, mədəniyyət mərkəzi, teatr, kitabxana və s. vardır. Paytaxtımızın mərkəzi küçələrindən biri şairin adını daşıyır.
Cənubi Azərbaycanda hələ dahi şairin sağlığında 7 mart “Şəhriyar günü” elan olunmuşdu. Təbriz məktəblərindən birinə, Təbriz Universitetinin ədəbiyyat fakültəsinin böyük salonuna şairin adı verilmişdir.
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix — 18 sentyabr İranda milli şeir və ədəbiyyat günü kimi qeyd olunur.