Şair deyirdi ki, “Heydərbabaya salam” əsərini yazana qədər elə bil ürəyimdə bir tikan ilişib qalmışdı. Nədən yazsam da, necə yazsam da, ürəyimdən bu tikan çıxmırdı ki, çıxmırdı.
“Heydərbabaya salam” əsəri ustad şairin yaradıcılığında bir dönüş nöqtəsi oldu. Heydərbaba dağ adıdır. Şəhriyarın uşaqlığı Heydərbaba dağının ətəklərində — ata-baba yurdunda keçmişdi.
“Heydərbabaya salam” poeması Şəhriyara böyük şöhrət gətirdi. “Heydərbabaya salam” əsəri dünyanın əksər dillərinə tərcümə olunmuşdur. O, dünya şeir sənətinin zirvəsinə ucalmışdır. Bu əsər, eyni zamanda Cənubi Azərbaycanda anadilli ədəbiyyatın, xüsusilə şeirin inkişafına geniş yol açdı.
Şəhriyarı ən çox narahat edən, düşündürən ana Vətənin, doğma xalqının ikiyə parçalanması idi. Şəhriyar Arazı iki qardaş arasında çəkilən pərdəyə bənzədirdi.
Şəhriyar doğma vətəni Azərbaycanı böyük məhəbbətlə sevirdi. Onun “Azərbaycan” şeiri xalqımızı azadlığa, istiqlala, birləşməyə çağırır, xüsusilə cənubda yaşayan həmvətənlərimiz üçün bir mübarizə himni kimi səslənir.
Könlüm quşu qanad çalmaz, sənsiz bır an, Azərbaycan,
Xoş günlərin getməz müdam* xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran* Azərbaycan!
Övladların nə vaxtadək tərki-vətən olacaqdır,
Əl-ələ ver, üsyan eylə, oyan, oyan, Azərbaycan!
Yetər fəraq* odlarından kül ələndi başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!
*Müdam — daim, həmişə, fasiləsiz
*Viran — uçub dağılmış
*Fəraq — ayrılıq