§ 46. USTAD ŞƏHRİYAR
Azərbaycan xalqının yetişdirdiyi böyük şairlərdən biri də Məhəmmədhüseyn Şəhriyardır. Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Cənubi Azərbaycanda, Təbriz şəhərində doğulub boya-başa çatmışdır. İranda Azərbaycan dilində təhsil verən məktəb olmadığı üçün orada yaşayan bütün soydaşlarımız kimi, Şəhriyar da təhsilini fars dilində almışdı. Şəhriyar çox istedadlı gənc idi. Ədəbiyyatı çox sevirdi.
1931-ci ildə şairin ilk şeirlər kitabı Tehranda nəşr olundu. Kitab xalqın məhəbbətini qazandı. Şəhriyar ağır, məşəqqətli həyat keçirmişdi. Atası öləndən sonra on nəfərdən ibarət böyük bir ailəni o saxlamalı olmuşdu. Buna görə də şair hələ çox gənc yaşlarından işləmiş və hər cür əzab-əziyyətə qatlaşmışdı. Elə buna görə də Şəhriyar xalqının dərdi-sərinə ehtiyac və istəklərinə dərindən bələd olan şair idi. Onun şeirləri xalqın istəyini, arzusunu ifadə edirdi.
Gənc yaşlarından fars dilində gözəl şeirlər yazırdı.
Bir gün anası Şəhriyara deyir: “Oğlum, analar dilsiz uşaqların belə dilindən anlayırlar. Sən şeirlərini hansı dildə yazırsan ki, mən onlardan bir şey anlamıram?” Doğma anasının bu sözləri şairə təsir etdi, o sanki yuxudan ayıldı. Çox keçmədi ki, Şəhriyar özünün dillər əzbəri olan “Heydərbabaya salam” əsərini yazdı.