Xalqımız Həzi Aslanovun xatirəsini əziz tutur. Onun Bakıda, doğulduğu Lənkəranda abidələri ucaldılmışdır. Onun adına zabitlər evi, küçə, park, mədəniyyət evi, gəmi və s. vardır. Həzi Aslanova bir neçə roman, poema, hekayə, şeir həsr edilmiş, onun haqqında bədii film çəkilmişdir.
Faşistlərin işğal etdiyi ölkələrdə onlara qarşı çoxlu partizan* dəstəsi fəaliyyət göstərirdi. Bu dəstələrdə minlərlə azərbaycanlı döyüşçü vardı. İgid partizan Əhmədiyyə Cəbrayılov Fransanın azad edilməsi uğrunda mübarizədə qəhrəmanlıq göstərmişdi. Ona görə də Fransanın ən yüksək hərbi orden və medalları ilə, o cümlədən şəxsi igidliyə görə verilən ən yüksək hərbi medalla təltif olunmuşdur. Bu medalla təltif olunan əsgərlər hərbi parad zamanı ən öndə — generallardan irəlidə gedirdilər.
*Partizan | — düşmən arxasında müstəqil hərəkət edən silahlı xalq dəstələrinin iştirakçısı |