Onun başçılıq etdiyi kiçik dəstə düşmənin hücumlarının qarşısını almış və müdafiə etdiyi mövqeləri əldən verməmişdi. Bu döyüşdə İsrafil yetmişdən çox faşist əsgər və zabitini öldürmüşdü.
Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Tank qoşunları general-mayoru rütbəsinə qədər yüksəlmiş Həzi Aslanovun döyüş yolu Moskva ətrafındakı vuruşmalardan başlanmışdı. Onun tank bölməsi bir dəstə sovet döyüşçüsünü və sursatla dolu 50 avtomobili düşmən mühasirəsindən məharətlə çıxarmışdı.
İkinci Dünya müharibəsinin həlledici döyüşlərindən biri olan Stalinqrad vuruşmasında Həzi Aslanovun tank alayı xüsusi fərqlənmişdi. Bu alay Stalinqrad cəbhəsinin həlledici mövqelərində vuruşur, döyüş tapşırıqlarını uğurla yerinə yetirirdi. Düşmənin çoxlu tankını, topunu, avtomobilini, əsgər və zabitini məhv etmişdi. Çoxlu əsir almışdı.
Stalinqrad vuruşmasında misilsiz igidliklərinə görə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Bundan sonra da Həzi Aslanovun tank alayı bir çox şəhəri, qəsəbəni və kəndi azad etdi.
Azərbaycan xalqının bu igid oğlu 1945-ci ilin yanvarında qəhrəmancasına həlak oldu. Göstərdiyi qəhrəmanlıqlarına görə hələ sağlığında Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilsə də, bu fəxri adın təqdimatı 1991-ci ildə həyata keçirildi.