Dahi bəstəkarın 1937-ci ildə tamamladığı “Koroğlu” operası böyük uğur qazandı. “Koroğlu” Moskvada — böyük bir imperiyanın paytaxtında da zəfər çaldı. Bu tamaşadan sonra dahi bəstəkarın başı üzərindən qara ölüm təhlükəsi sovuşdu.
Azərbaycan Dövlət Simfonik Orkestrinə Üzeyir Hacıbəylinin adı verilmişdir. Üzeyir Hacıbəyli adına Dövlət mükafatı təsis edilmişdir. Onun adına muzey, küçə vardır.
Bakı Musiqi Akademiyasının qarşısında dahi bəstəkarın abidəsi qoyulmuşdur. Ona əsərlər həsr edilmiş, haqqında bədii televiziya filmi çəkilmişdir.
Dahi bəstəkar özünün ölməz musiqi əsərləri ilə, Vətən qarşısında bitib-tükənməyən xidmətləri ilə doğma xalqının ruhunda və qəlbində yaşayır. Doğma el-obası üçün yaşamış dahilərə ən əzəmətli abidə də elə budur!