«O olmasın, bu olsun» («Məşədi İbad») musiqili komediyası Üzeyir Hacıbəylinin şöhrətini daha da artırdı. Bu əsərin təkcə musiqisini yox, mətnini də Üzeyir bəy özü yazmışdı.
Üzeyir Hacıbəyli Peterburq Konservatoriyasında oxuduğu vaxt «Arşın mal alan» musiqili komediyasını yazdı. «Arşın mal alan» Üzeyir Hacıbəylini bütün dünyada məşhurlaşdırdı. Sonralar dünya ekranlarına çıxan ilk Azərbaycan filmi də məhz «Arşın mal alan» olmuşdur.
«Arşın mal alan» əksər dillərə də tərcümə olundu. Əsər dünyanın bir çox məşhur şəhərlərində çox böyük uğurla tamaşaya qoyuldu.
...Üzeyir Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını və xalqımızın azadlığa çıxmasını böyük sevinclə qarşıladı. O, yeni hökumətin «Azərbaycan» adlı qəzetini nəşr etdi. Müstəqil dövlətimizin himninin musiqisini yazdı.
Üzeyir Hacıbəyli 1921-ci ildə Şərqdə ilk olan — Azərbaycan Dövlət Konservatoriyasının yaradılmasında çox mühüm rol oynadı. O, Bakıda ilk musiqi məktəbini təşkil etmişdi.