İki ildən sonra Üzeyir Gürcüstana — Qori şəhərinə getməli oldu. Getdi ki, orada müəllimlər seminariyasında oxusun. O zaman Azərbaycanın bir çox qabaqcıl adamları bu seminariyada təhsil almışdılar.
Qori Müəllimlər Seminariyası Üzeyirin musiqi sahəsində biliyini daha da genişləndirdi. Onun musiqiyə olan məhəbbətini daha da artırdı. Axı seminariyada musiqi dərsləri də keçilirdi.
Seminariyanı bitirdikdən bir neçə il sonra gənc Üzeyir artıq bir bəstəkar kimi tanınmağa başladı. Az vaxtda o, böyük şöhrət qazandı və özünün ilk operasını yaratdı. Bu, böyük bəstəkarın 1908-ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” operası idi. Üzeyir Hacıbəyli və onun “Leyli və Məcnun”u sayəsində Azərbaycanımız bütün Müsəlman Şərqində opera yazılan birinci ölkə oldu. Opera Bakıda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyuldu. Vətənimizə böyük şöhrət gətirən bu əsəri ilə birlikdə Üzeyir bəy də ucaldı, şöhrətləndi.
Üzeyir Hacıbəyli opera, romans yazmaqla bərabər, həm də Azərbaycan musiqili komediyasının yaradıcısıdır.