Əslində, şairin cənazəsinin Azərbaycana gətirilməsi fikri və təşəbbüsü məhz Heydər Əliyevin vətənpərvər addımı idi.
20-ci əsrin 30-cu illəri Azərbaycan xalqının həyatında çox ağır illər idi. Sovet hakimiyyəti qurulmuşdu. Artıq ölkədə yeni qanunlar, yeni qaydalar tətbiq olunurdu. İşğal edilmiş ölkələr Sovet Rusiyasının yeritdiyi siyasət nəticəsində “sovet respublikaları” adı altında birləşdirilmişdi. Müstəqilliyini itirmiş xalqımızın dilini, dinini, mədəniyyətini, adət-ənənəsini, tarixini unutdurmağa çalışırdılar. Dövlət dili rus dili elan olunmuşdu. Xalqımızı soykökündən, keçmişindən ayırmaq üçün Türk adlanan adı və dili, bir neçə il sonra isə əlifbası dəyişdirilmişdi.
Sovet işğalından sonra həyata keçirilən qırğınlara baxmayaraq, xalqımızın ziyalıları hələ də azadlıq eşqiylə yaşayırdılar. İşğal rejimini qəbul etməyən görkəmli ziyalılarımız kütləvi surətdə məhv edildi. Kütləvi qırğınlar 1937-ci ildə daha kəskin oldu. Elə bir gün olmurdu ki, kiminsə əziz adamı, qohumu, dostu, qonşusu, tanışı “xalq düşməni” adı ilə damğalanıb həbs olunmasın. Sovet hökuməti xalqın üzərində qorxu, şübhə, vahimə yaratmağa çalışırdı və buna nail ola bilmişdi.
Qəzetlər hər gün «qəsdçi», «əks-inqilabçı» təşkilatları, sovet hökumətinin yeni düşmənlərinin aşkar edilməsini xəbər verirdi. İnsanlar hər an hökumət məmurları tərəfindən qapının döyüləcəyi qorxusu ilə yaşayırdılar. Vahimə və qorxu insanlarda bir- birinə qarşı inamsızlıq yaratmışdı.
Adamları həbs etmək və cəzalandırmaq üçün müxtəlif bəhanələr hazırlanmışdı.