Ölümündən sonra da ermənilər tərəfindən Nəriman Nərimanova qarşı böhtançılıq kampaniyası davam etdirilirdi. Onun yubileyinin keçirilməsinə imkan vermirdilər. Nəhayət, Azərbaycana rəhbərlik edən Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail oldu. Ümummilli lider müsahibələrinin birində o illəri belə xatırlayırdı: “Nəriman Nərimanovun 100 illiyi 1970-ci ildə tamam olsa da, yubileyi 1972-ci ildə keçirdik. Bu yubileyi keçirmək üçün iki il mübarizə aparmaq lazım gəldi, çünki Nəriman Nərimanova “millətçi” damğası vurulmuşdu. Millətçi ruhlu ermənilər belə bir rəy yaradırdılar ki, guya, o, yubileyi keçirilməyə layiq şəxsiyyət deyil”.
Azərbaycan xalqı Nəriman Nərimanovun xatirəsini əbədiləşdirmişdir. Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır. Bakıda Nəriman Nərimanovun böyük abidəsi ucalır. Paytaxtımızın ən böyük prospektlərindən birinə Nəriman Nərimanovun adı verilmişdir.