§ 42. QARDAŞ KÖMƏYİ
«QARDAŞ QARDAŞA BORC VERMƏZ — ƏL TUTAR»
Nəriman Nərimanov Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biridir. O, görkəmli dövlət xadimi, yazıçı, həkim idi.
Nəriman Nərimanov 1870-ci ildə Tiflisdə anadan olmuşdur. Müəllimlər Seminariyasını bitirən və Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tibb təhsili alan gənc Nərimanın qəlbindəki xeyirxah və maarifpərvər duyğular ona dinclik vermirdi. O, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolu axtarırdı. Hələ gənc yaşlarında Bakıda kitabxana açmışdı. Onun arzusu azərbaycanlıların maariflənməsi idi. Hələ Cümhuriyyət dövründə Azərbaycan qardaş türk xalqına maddi və mənəvi yardım göstərmişdi. Azərbaycanlılar könüllü olaraq Türkiyə istiqlal hərəkatında iştirak etmişdilər. Nəriman Nərimanov da bu istiqamətdə geniş fəaliyyət göstərirdi.
1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasında yaxından iştirak edən Nəriman Nərimanov həm də onun rəhbərlərindən biri idi.
Bu dövrdə qardaş türk xalqı ən sıxıntılı zamanını yaşayırdı. Ordusu dağıdılmış, silahları alınmış, sanki əl-qolu bağlanmışdı. Türk azadlıq hərəkatının rəhbəri Mustafa Kamal vəziyyətdən çıxış yolu axtarırdı. O, çıxış yolunu qardaş Azərbaycana müraciət etməkdə gördü. Onun xahişi ilə Azərbaycan dövləti Türkiyəyə kömək etdi. Bununla Azərbaycan sovet hökuməti ilə Türkiyə hökuməti arasında ilk rəsmi münasibət quruldu. Nəriman Nərimanov cavab məktubunda yazırdı: