Qeyri-bərabər döyüşdə Azərbaycan əsgərləri qəhrəmancasına şəhid oldular. Lakin onlar xalqımızın azadlıq və ərazi bütövlüyü uğrunda son ana qədər vuruşa biləcəklərini sübut etdilər.
Azərbaycan hökuməti Qarabağın erməni qəsbkarları tərəfindən işğal edilməsinə yol verməmək üçün Milli Ordumuzu Bakıya gətirmədi. Azərbaycanın dövlət müstəqilliyinin qorunması, Milli Ordunun saxlanması və başqa şərtlərlə hakimiyyəti Azərbaycan bolşeviklərinə təhvil verməyə məcbur oldu. Beləliklə, ölkəmiz yenidən işğal edildi.
Azərbaycanın müxtəlif yerlərində milli qüvvələr bu işğalla barışmaq istəmirdilər. Onlar azadlıq uğrunda silahlı üsyanlar təşkil etdilər. Bu üsyanlardan ən güclüləri Gəncədə, Qarabağda, Zaqatalada və Lənkəranda baş vermişdir. Gəncə üsyanı 1920-ci ilin mayında milli ordunun zabitləri tərəfindən təşkil edildi. Azadlıq uğrunda mübarizədə Azərbaycan qocaları, qadınları və hətta uşaqlar da iştirak edirdilər.