Bununla onlar ovun uğurlu olacağına inanırdılar. Belə mərasimlər qədim insanların dini ayinləri idi.
Qobustan qayalarında qayıq təsvirləri də vardır. Bu təsvirlər Qobustan ərazisində yaşamış qədim insanların qayıq düzəltmək bacarığından xəbər verir. Bu, Azərbaycanın qayıq və ya gəmi düzəldilməsinin ilkin vətənlərindən biri olduğunu sübut edir.
Qobustanda insanlar qəbilə* şəklində yaşayırdılar. Zaman keçdikcə insanların sayı artdı, bir neçə qəbilə birlikdə tayfa yaratdı. Qobustan qayalıqlarında qadın, kişi və uşaqların birgə rəsmləri ən qədim ailələri təsvir edir.
Qoruqdakı döyüşçü və döyüş təsvirləri qəbilələr arasında münaqişələrin olduğunu göstərir. Bu münaqişələr, əsasən, əlverişli ərazilər uğrunda baş verirdi.
Azərbaycan türklərininin xalq rəqsi olan yallı səhnələri Qobustan qoruğunun ən maraqlı rəsmlərindəndir. Burada uğurlu ovdan sonra tonqalların ətrafında şənlik edən insanlar təsvir olunmuşdur. Əgər qədim insanlar rəqslər edirdilərsə, deməli, onların musiqi aləti də var idi. Qobustan qoruğunda “Qavaldaş” adlanan qədim musiqi aləti qorunub saxlanılır.
*Qəbilə — qan qohumu olan insanların birliyi, nəsil