§ 40. AZƏRBAYCAN ORDUSUNU YARADANLAR
1914-cü ilin yayında Birinci Dünya müharibəsi başlandı və dörd il davam etdi. Bu müharibədə dünyanın 30-dan çox dövləti iştirak edirdi. Tarixdə birinci dəfə idi ki, dünyanın bu qədər çox dövləti bir-biri ilə müharibəyə qoşulmuşdu. Ona görə də bu müharibə Birinci Dünya müharibəsi adlanırdı. Soydaşımız Səməd bəy Mehmandarov Birinci Dünya müharibəsində göstərdiyi komandirlik bacarığı, igidlik və mərdliyə görə bir neçə dəfə qızıl silahla, müxtəlif ordenlərlə mükafatlandırılmışdı. O həm də bir çox xarici dövlətlərin — İngiltərənin, Fransanın, Rumıniyanın yüksək hərbi mükafatları ilə təltif edilmişdi.
Səməd bəy Mehmandarov 1855-ci ildə Lənkəranda anadan olmuşdur. O, Bakıda gimnaziyanı* əla qiymətlərlə bitirmiş, hərbi işə böyük həvəsi olduğu üçün Peterburqa gedib topçuluq məktəbinə daxil olmuşdu. Orduda xidmət etdiyi zaman öz qətiyyəti, cəsarəti və mehribanlığı ilə böyük hörmət qazanmışdı.
Səməd bəy Mehmandarov
(rəssam Abdulla Ələkbərov)
1918-ci ildən general Mehmandarovun həyatında yeni bir dövr başlandı, o, vətənə qayıtdı, doğma xalqına, müstəqil milli dövlətinə xidmət etməyə başladı. O, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri vəzifəsinə təyin olundu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuzu yaradanlardan biri də general Əli ağa Şıxlinski idi.
Birinci Dünya müharibəsində Rusiyanın paytaxtı Peterburqun artilleriya müdafiəsi Əli ağa Şıxlinskiyə tapşırılmışdı. Əli ağa Şıxlinski ona tapşırılan işin öhdəsindən bacarıqla gəldi. O həm Rusiyanın, həm də Fransanın ən yüksək hərbi ordenlərinə layiq görülmüşdü.
*Gimnaziya — orta məktəb