«İstiqlal bəyannaməsi»ndə Azərbaycan müstəqil dövlət elan
edilirdi. Vətənimizin Xalq Cümhuriyyəti, yəni respublika* şəklində idarə olunacağı ifadə edilirdi. Bu o demək idi ki, dövlət və hökumət xalqın seçdiyi nümayəndələr tərəfindən idarə ediləcəkdi. Elə buna görə də müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyəti adlanırdı. Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-islam dünyasında ilk demokratik respublika idi.Azərbaycanı Milli Şura* və Müvəqqəti Hökumət idarə edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski idi. Hökumət müstəqilliyimizi dünya ölkələrinə elan etdi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhəri oldu, çünki ölkəmizin ən böyük siyasi və mədəni mərkəzi olan Bakı şəhəri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak hökumətinin əlində idi. Azərbaycan Xalq Cümhuriyyətinin ordusu hələ yaranmamışdı. Ordusuz isə müstəqilliyimizi və xalqımızın azadlığını qorumaq çətin idi. Odur ki, Azərbaycan Xalq Cümhuriyyəti Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağladı. Bu müqaviləyə əsasən, qardaş Osmanlı dövləti xalqımıza hərbi yardım göstərməli idi.
Müstəqil Azərbaycan dövlətinin yaranması Bakını ələ keçirmiş sovet-daşnak hökumətini qorxuya salırdı. Xalqımıza qarşı Mart soyqırımının təşkilatçısı olan Stepan Şaumyanın başçılıq etdiyi bu hökumət, əslində, erməni-daşnak hökuməti idi.
*Respublika — xalq tərəfindən müəyyən müddətə seçilən dövlət idarə forması
*Milli Şura — qanunverici hakimiyyət orqanı